BAKI, 23 sentyabr. TELEQRAF

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının əsas məqsədi xammalın hasil edilərək xaricə satılması deyil, onun ölkə daxilində emal və istehsala yönəldilməsidir.

Bu barədə Teleqraf-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, dövlət proqramının miqyası Prezidentin ötən gün keçirdiyi müşavirədə açıqlanan rəqəmlərdə aydın şəkildə əks olunub:

“Proqram çərçivəsində 4 il ərzində sektora 5,3 milyard manat investisiya yatırılması nəzərdə tutulur. Bu vəsaitin təxminən 80%-i qeyri-büdcə mənbələri hesabına formalaşacaq. Nəticədə 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da 2,5 dəfəlik artım deməkdir. Bununla yanaşı, illik ixrac potensialının da 1,3 milyard manatdan 3,4 milyard manata qədər artırılması hədəflənir”.

E.Əmirov qeyd edib ki, proqramın əsas məqsədi xammalın hasil edilərək xaricə satılması deyil, onun ölkə daxilində emal və istehsala yönəldilməsidir. O bildirib ki, filizin çıxarılaraq satılması əvəzinə onun zənginləşdirilməsi, emal edilməsi və müxtəlif məhsulların istehsal olunması, daha sonra isə yaradılan iqtisadi dəyərin ölkədaxili dəyər zənciri formalaşdırılmaqla ixraca yönəldilməsi əsas istiqamətlərdən biri olacaq.

“Bu istiqaməti Daşkəsəndə, Kəlbəcərdə, Zəngilanda, Ağdərədə və digər ərazilərdə proqram çərçivəsində görə biləcəyik. Buna görə də düşünürəm ki, sonrakı dövrlərdə proqramın multiplikativ effektləri ayrı-ayrı sektorlarda özünü göstərəcək. Əsasən məşğulluğun artırılması, 5 mindən çox insanın işlə təmin olunması, logistik imkanların genişləndirilməsi və ayrı-ayrı xidmət sektorlarının formalaşması baxımından proqram real töhfə verə bilər”, - deyə iqtisadçı vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramı ölkədə dağ-mədən və metallurgiya sənayesinin dayanıqlı inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması məqsədilə hazırlanıb.