BAKI, 23 sentyabr. TELEQRAF

"Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələyə başlayır. 2027–2030-cu illər üçün dağ-mədən (filiz) və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramında məhz belə bir yanaşma qoyulub. Prezident İlham Əliyev proqramın hazırlanması və həyata keçirilməsi haqqında Sərəncamı aprelin 1-də imzalayıb və sentyabrın 22-də onun sədrliyi ilə qarşıda duran işlərin əsas istiqamətlərinin müəyyən edildiyi müşavirə keçirildi. Məqsəd sadəcə hasilatı artırmaq deyil, ölkənin mineral-xammal bazasından maksimum dərəcədə istifadə etmək və ölkə daxilində mümkün qədər uzun istehsal zənciri yaratmaqdır. Azərbaycan üçün bu, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi kontekstində vacibdir. Neft-qaz sektoru uzun müddət ölkənin ixrac gəlirlərinin əsası olaraq qalsa da, ağır sənayenin digər istiqamətlərinin inkişafı yeni artım mənbələri yaratmaqla istehsal və ixrac strukturunu genişləndirməyə imkan verir".

Bunu Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, mövcud vəziyyətin tamamilə konkret tarixi səbəbi vardır: “Azərbaycanın perspektivli mineral-xammal bazasının əhəmiyyətli hissəsi uzun illər erməni işğalı altında olan ərazilərdə yerləşirdi. Orada təbii sərvətlər qanunsuz istismar obyektinə çevrilmişdi: yataqlar vəhşicəsinə işlənilir, çıxarılan xammal isə Azərbaycanın hüdudlarından kənara daşınırdı.

Bugünkü vəziyyət isə prinsipcə tamamilə başqadır. Ərazilərin azad edilməsi təkcə infrastrukturun bərpasına və Qarabağ və Şərqi Zəngəzur rayonlarının ölkənin iqtisadi məkanına qaytarılmasına deyil, həm də təbii sərvətləri yeni istehsalatların əsasına çevirmək məqsədilə onların resurs potensialının tammiqyaslı qiymətləndirilməsinə imkan yaratmışdır. Məhz azad edilmiş ərazilər qarşıdakı işin əsas istiqamətlərindən biridir. Eyni zamanda, söhbət təkcə artıq məlum olan ehtiyatların mənimsənilməsindən getmir. Azərbaycan lideri onların müasir geoloji kəşfiyyat üsullarından istifadə etməklə yenidən qiymətləndirilməsini az əhəmiyyət kəsb etməyən vəzifə hesab edir”.

Komitə sədri hesab edir ki, onilliklər ərzində əsasən neft-qaz sektoruna istinad edən iqtisadiyyat üçün bu, xüsusilə vacibdir. Metallurgiya və dağ-mədən sənayesinin inkişafı bu halda ayrı bir sənaye layihəsi kimi deyil, daha geniş şaxələndirmənin elementlərindən biri kimi nəzərdən keçirilir.

Birinci istiqamət kimi işğaldan azad edilmiş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda- artıq aşkar edilmiş yataqların işlənilməsi kimi göstərilmişdir:"İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların tezliklə istismara verilməsindən söhbət gedir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı qızıl, mis, molibdən yataqlarıdır. Ağdərə rayonunda artıq işlər başlanmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə Kəlbəcərdə və Zəngilanda da işlər başlanacaq və beləliklə, artıq aşkar edilmiş yataqların mənimsənilməsi başlayacaqdır".

Bununla belə, proqram təkcə məlum ehtiyatların mənimsənilməsini nəzərdə tutmur. Dövlət başçısı paralel olaraq başqa bir vəzifə də qarşıya qoyur: "İkinci istiqamət. Nəzərə alaraq ki, bu bölgədə böyük təbii sərvətlər mövcuddur, ehtimal ki, bu rayonların digər hissələrində, həmçinin qonşu rayonlarda da eyni sərvətlər vardır. Bu məqsədlə kəşfiyyat, geoloji kəşfiyyat işləri aparılacaqdır. Artıq buna start verilmişdir. Bir daha deyirəm: ən müasir texnologiyalar mövcuddur". Belə bir yanaşma azad edilmiş bölgələrin inkişaf dairəsini dəyişir. Onların iqtisadi inteqrasiyası yolların, yaşayış evlərinin, energetika və sosial infrastrukturun tikintisi ilə məhdudlaşmır. Gələcəkdə məşğulluğun və ixrac gəlirlərinin daha bir mənbəyinə çevrilməyə qadir olan sənaye tərkib hissəsi də formalaşır.

Beləliklə, faktiki olaraq bu sahədə yeni sənaye siyasətinin əsas prinsiplərindən biri formalaşdırılmışdır – xammaldan deyil, daha yüksək emal dərəcəsinə malik məhsuldan daha çox ixrac etmək. İqtisadiyyat üçün bu, prinsipial fərqdir. Filiz hasilatı birinci mərhələdə dəyər yaradır. Zənginləşdirmə növbəti səviyyəni əlavə edir. Emal isə daha bir səviyyə əlavə edir. Son metalın və ya onun əsasında sənaye məhsulunun istehsalı daha uzun zəncir formalaşdırmağa imkan verir. Məhz buna görə də bu halda məsələ təkcə ölkənin neçə ton filiz çıxara biləcəyindən ibarət deyil, həm də istehsal prosesinin neçə mərhələsinin Azərbaycan daxilində həyata keçiriləcəyi məsələsi az əhəmiyyət kəsb etmir. Bununla belə, yeni proqram təkcə azad edilmiş ərazilərlə məhdudlaşmır. "Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Azad edilmiş ərazilər əsas istiqamətlərdən birinə çevrilir, eyni zamanda dövlət digər bölgələrdə də yeni resurs imkanları axtarmaq niyyətindədir. "Növbəti istiqamət – Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunan Balakən rayonundakı "Filizçay" polimetal yatağıdır", – dövlət başçısı qeyd edir ki, bu yataq böyük potensiala malikdir və "AzerGold" şirkəti bir neçə ildir ki, onun istismara hazırlanması üzrə işlər görür.

Dağ-mədən sənayesi öz təbiətinə görə ətraf mühitə təsirlə bağlıdır. Buna görə də hasilatın artırılması eyni zamanda ekoloji nəticələrə daha sərt nəzarət tələb edir. Prezident İlham Əliyev buna xüsusi diqqət yetirir: "Maksimum ekoloji ekspertiza aparılmalı və bütün ekostandartlara əməl olunmalıdır, çünki bizim əsas sərvətimiz yeraltı sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə də biz xarici tərəfdaşlardan həm təbiətin qorunmasını, həm də ekoloji normaların ən yüksək standartlara uyğun olmasını tələb edirik və tələb edəcəyik. Əgər əməl olunmazsa, onlar cəzalandırılacaqlar. Təbii ki, dövlət şirkəti olan "AzerGold" da bütün ekoloji standartlara əməl etməlidir". Beləliklə, dövlət başçısının baxışına görə, sahənin inkişafı eyni vaxtda iki istiqamət üzrə getməlidir – təbii sərvətlərdən iqtisadi səmərəni artırmaq və sənaye mənimsənilməsinin ətraf mühitə qəbuledilməz ziyan vurmasına yol verməmək.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan onilliklər ərzində əlçatmaz qalan yataqları sadəcə iqtisadi dövriyyəyə qaytarmır:

“Eyni zamanda ölkə öz mineral-xammal bazasını yenidən qiymətləndirmək, yeni sahələrin kəşfiyyatını aparmaq, emal infrastrukturu yaratmaq, metallurgiyanı inkişaf etdirmək və hasilatı istehsalla əlaqələndirmək niyyətindədir. Bu, artıq bir yatağın və ya bir zavodun tarixi deyil. Bu, bütöv bir sənaye sistemi formalaşdırmaq cəhdidir. Və burada ardıcıllıq xüsusilə vacibdir: əvvəlcə geologiya və kəşfiyyat, sonra hasilat, ondan sonra isə zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul buraxılışı. Bu zəncir ölkə daxilində nə qədər uzun qalarsa, o, bir o qədər çox iqtisadi fəaliyyət yarada bilər.

Bu yeni sənaye siyasətinin arxasında Prezident İlham Əliyevin uzaqgörən strategiyası dayanır. Dövlət başçısı bu siyasəti vahid bir sistem kimi formalaşdırır ki, burada resurs potensialı, energetika, infrastruktur, sənaye və ixrac bir məqsədə – Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir. Məhz bu kursun ardıcıllığı dövlət başçısının qərarlarını konkret yataqlara, müəssisələrə, investisiyalara və yeni iş yerlərinə çevirməyə imkan verir. Ölkəmizin inkişafının növbəti mərhələsini Prezident İlham Əliyev artıq müəyyən etmişdir: ölkənin təbii sərvətləri istehsalın, yüksək əlavə dəyərin və uzunmüddətli iqtisadi artımın mənbəyinə çevrilməlidir".