BAKI, 23 sentyabr. TELEQRAF

“Hazırda dünyada metala və strateji minerallara tələbat sürətlə artmaqdadır. Bunun əsas səbəbləri isə enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır. Ona görə də, ölkələr yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər. Ölkəmiz də bu yeniliklərdən istifadə etmək üçün böyük imkanlara malikdir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu məsələlər geniş təhlil edilib:

"Əlbəttə, yeni proqramın icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu isə yeni iş yerlərinin yaradılması deməkdir. Nəzərə alaq ki, dağ-mədən və metallurgiya potensialı işğaldan azad olunmuş ərazilərdə daha çoxdur. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində onminlərlə insan doğma yurdlarına qayıdır. Təbii ki, bu baxımdan yeni dövlət proqramının icrası işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaq".

Millət vəkilinin sözlərinə görə, əhalinin sosial rifahı hər zaman dövlətin diqqət mərkəzindədir. Belə ki, müşavirədə dövlət başçısının dediyi kimi, ölkəmizdə qazlaşma 96 faizdir. Bundan əlavə, bütün regionlar fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İşsizliyin və yoxsulluğun səviyyəsi isə 5 faiz civarındadır.

“Bütün bunlar Azərbaycanın sosialyönümlü dövlət olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, ötən dövr ərzində çoxsaylı sosial infrastruktur yaradılıb. Məktəb, xəstəxanalar, avtomobil yolları, dəmir yolları, hava limanları və s. buna sübutdur. Cənab Prezidentin dediyi kimi, maliyyə sistemində aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı atılan addımlar belə bir müsbət mənzərə yaradıb. Yeni dövlət proqramlarının qəbulu və icrası bundan sonra da ölkəmizin iqtisadi inkişafına yönəlməklə yanaşı, əhalinin rifahının yüksəlməsinə də xidmət edəcək”, - deyə Samir Vəliyev deyib.