BAKI, 22 sentyabr. TELEQRAF
2026-cı ilin ilk 8 ayında Azərbaycan vətəndaşları Türkiyədə 570 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin avqustunda azərbaycanlılar qonşu ölkədən 92 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 15% azalma deməkdir.
Avqustda Türkiyədə xarici vətəndaşlara 1938 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,1% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,5% təşkil edib.
2026-cı ilin yanvar-avqust aylarında isə əcnəbilərə 13 141 mənzil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azdır.
Ötən ay da Rusiya Federasiyası vətəndaşları Türkiyənin mənzil bazarında aktivliklərini qoruyub saxlayıblar. Ruslar Türkiyədən 343 mənzil alıblar. Ukrayna vətəndaşları qonşu ölkədən 147, İran vətəndaşları isə 140 mənzil alıblar.
Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.