BAKI, 23 sentyabr. TELEQRAF
Bəzən televiziya kanallarında yayımlanan futbol matçları zamanı ölkə ərazisində lisenziyası olmayan xarici mərc oyunlarının stadiondaxili reklam lövhələrində görünməsinin şahidi oluruq.
Maraqlıdır, bu məsələ “Reklam haqqında” qanunla necə tənzimlənir? Xarici idman yarışlarının canlı yayımı zamanı yerli telekanal bu növ qanunsuz mərc və kazino reklamlarını vizual olaraq örtməyə və ya efirdən kəsməyə borcludurmu?
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Media və Yayım Şurasından bildirilib ki, yerli yayımçıların həmin görüntüləri mütləq qaydada silməsi barədə qanunvericilikdə birbaşa və konkret tələb yoxdur.
Bildirilib ki, xarici idman yarışlarının, o cümlədən futbol oyunlarının yerli televiziyalarda yayımı, bir qayda olaraq ilkin yayım siqnalının retranslyasiyası yolu ilə həyata keçirilir.
"Belə hallarda yarışın keçirildiyi stadionda yerləşdirilmiş statik reklam lövhələri, elektron reklam tabloları və digər vizual reklam elementləri yerli televiziya yayımçısı tərəfindən ayrıca sifariş edilən, hazırlanaraq efirə yerləşdirilən və ya reklam vaxtı hesabına yayımlanan reklam materialları deyil. Həmin görüntülər yarışın xaricdən əldə edilmiş ilkin yayım siqnalının tərkib hissəsini təşkil edir və yerli yayımçıya artıq formalaşdırılmış audiovizual məzmunun elementi kimi ötürülür".
Görüntünün üzəri niyə örtülmür?
Qurumdan bildirilib ki, "Reklam haqqında” qanunun 32.1-ci maddəsinə əsasən, idman mərc oyunlarının reklamını yalnız bu oyunları təşkil etmək üçün rəsmi icazəsi olan qanuni operator sifariş edə bilər.
"Həmin qanunun 32.3-cü maddəsində isə idman tədbirinin keçirildiyi yerdə reklamın yerləşdirilməsi ilə bağlı münasibətlər ayrıca tənzimlənir. Qanunun 32.7-ci maddəsinə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
Lakin qeyd olunan normalar ilk növbədə reklamın sifariş edilməsi, yerləşdirilməsi və yayılması ilə bağlı hüquqi münasibətləri tənzimləyir. Xaricdəki idman yarışlarının canlı yayımı zamanı stadiondakı reklamların ekranda görünməsinə görə Azərbaycan televiziyaları məsuliyyət daşımır. Bu, yerli yayımçının həmin reklamı yerləşdirməsi və ya sifariş etməsi kimi qiymətləndirilə bilməz".
Şuradan o da bildirilib ki, canlı yayımın gedişində stadiondakı reklam görüntülərinin ayrı-ayrılıqda seçilməsi, dəyişdirilməsi, örtülməsi və ya çıxarılması ilkin yayım siqnalının məzmununa müdaxilə etməklə yanaşı, yayım hüquqlarının verilməsi barədə müqavilənin şərtlərinə də zidd hal kimi qiymətləndirilə bilər.
“Bu hal reklamın faktiki mənbəyi ilə onun tamaşaçıya çatdırıldığı yayım platformasını fərqləndirən beynəlxalq tənzimləmə yanaşmasına da uyğundur. Beynəlxalq praktikada da idman tədbirlərində xarici operatorların reklamlarının yayım siqnalı vasitəsilə digər yurisdiksiyaların auditoriyasına çatdırılması ayrıca məsələ kimi nəzərdən keçirilir və əsas diqqət reklamın kim tərəfindən yerləşdirilməsi, yayımçının reklam üzərində nəzarət imkanları və reklamın yerli bazara ayrıca yönəldilib-yönəldilməməsi kimi meyarlara verilir”.
Qanun dəyişə bilər
Media və Yayım Şurası sonda qeyd edib ki, gələcəkdə bu məsələyə yenidən baxıla bilər: "Gələcəkdə müvafiq məsələnin daha detalllı tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur".