BAKI, 23 sentyabr. TELEQRAF
“Özümü arzularını reallaşdıran 12 yaşlı uşaq kimi hiss edirəm”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın və Polşa millisinin futbolçusu Timoteuş Puxaç yerli mətbuata açıqlamasında deyib.
Polyak müdafiəçi Çempionlar Liqasındakı uğurlarından, karyerasındakı dəyişikliklərdən və şəxsi həyatından danışıb:
“Dörd təsnifat mərhələsini keçərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıq. Keçirdiyim 8 matçda 5 məhsuldar ötürmə ilə yadda qaldım. Bunlardan biri "Hapoel Beer Şeva" ilə cavab qarşılaşmasının 90-cı dəqiqəsinə təsadüf etdi – məhz bu qolla hesabı 3:2 edib oyunu əlavə vaxta daşıya bildik.
Həyat yoldaşım və dini inancım mənə hər gün xoşbəxtlik bəxş edir. Futbol artıq ikinci dərəcəli məsələyə çevrilib. Mən artıq sadəcə məşq edən, əhval-ruhiyyəsi oynayıb-oynamamasından və ya nəticədən asılı olan "futbol psixopatı" deyiləm. Əvvəllər belə idi və bu durum həm məni, həm də ailəmi yorurdu. Bu gün isə həyat yoldaşım xoşbəxtdirsə, mən də özümü xoşbəxt hiss edirəm.
Məndə belə bir təəssürat var idi ki, insanlar mənim büdrəməyimi gözləyirlər. Çünki diqqətçəkən və fərqli biriyəm. Bu gün hər kəs kürəyimə vurub məni tərifləyir, bu xoşdur. Lakin zəif anımda yenidən mənə hücum etməyə, məni "kloun" adlandırmağa başlayacaqlar. Bəlkə də eləyəm, ama özümü belə rahat hiss edirəm və bundan utanmıram”.