BAKI, 23 sentyabr. TELEQRAF

“Hədəflərimiz sırasında Qarabağda emalatxanalarımızın yenidən qurulması dayanır. İnanırıq ki, tezliklə Qarabağ xalçaları öz yurdunda toxunacaq”​.

Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

“Gözləyirik ki, insanlar yavaş-yavaş yurdlarına qayıtsın və Qarabağ xalçalarımız öz vətənində toxunsun. Əminik ki, tezliklə orada insanların sayı artandan sonra toxucularımızla birgə ora qayıda biləcəyik. Çox istərdik ki, Qarabağdakı gənc nəslin nümayəndələrinə toxuculuqla bağlı təlim keçək. Xalça nəsilbənəsil toxununca gözəldir”, - deyə qeyd edib.

E.Məmmədov Qarabağ xalça məktəbinə həsr olunan “44” adlı xüsusi kolleksiyadan da bəhs edib:

“Qarabağ artıq işğaldan azad olunub. Prezident İlham Əliyev Qarabağa yeni nəfəs, yeni həyat gətirir. Fikirləşdik ki, biz də Qarabağ xalçasının ənənəsini qoruyaraq, həm müasir bir əsər yaradaq, həm də Qarabağ xalçasına yeni baxış gətirək. “Qarabağ xalçalarına yeni baxış” kolleksiyasına aid “44” adlı xüsusi kolleksiyanı təqdim etdik. Təqdimatdan sonra başa düşdük ki, insanlar artıq yeni xalçaların yaradılmasına, islahatlara hazırdır.

İki həftə ərzində bu kolleksiya ilə bağlı sifarişlər aldıq. Həmin xalçaların təxminən 18-i xarici kolleksionerlərin kolleksiyalarına daxil oldu. Bundan sonra anladıq ki, müasirləşmiş sənət əsəri kimi xalçaya böyük istək var”.

Qeyd edək ki, geniş müsahibə bu gün saat 21:00-da Teleqraf İnformasiya Agentliyi və “Baku TV”də yayımlanacaq.