BAKI, 4 sentyabr. TELEQRAF

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən bu günə kimi 11 güzəştli mənzil layihəsi tam tamamlanıb və artıq 12 minə yaxın ailə mənzillə təmin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti tək Bakı şəhərində deyil, eyni zamanda respublikanın müxtəlif regionlarını da əhatə edir:

“Artıq Bakının Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də reallaşdırılan layihələrimiz var”.

C.Əmirov əlavə edib ki, Türkiyənin Kahramanmaraş vilayətində "Azərbaycan" məhəlləsinin inşası ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası binasının, eyni zamanda ümumilikdə 26 binadan ibarət 4 yaşayış məhəlləsinin tikintisi tam başa çatdırılıb:

“Hazırda Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir”.