BAKI, 4 sentyabr. TELEQRAF
Dünyanın kriptovalyuta birjalarında son sutka ərzində 99 min treyderin ümumilikdə 557,05 milyon dollar dəyərində mövqeyi məcburi şəkildə bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Coinglass" platformasının məlumatlarında bildirilib.
Likvidasiyaların ən böyük hissəsi bitkoinin payına düşüb – 278,62 milyon dollar. Ümumilikdə 469,46 milyon dollarlıq qısa, 87,6 milyon dollarlıq isə uzun mövqelər bağlanıb. Son sutkada ən böyük likvidasiya əməliyyatı “Binance” birjasında BTC/USDT cütlüyü üzrə 5,26 milyon dollar təşkil edib.
Bununla yanaşı, bitkoin və “Ethereum”un qiymətində artım qeydə alınıb. “Binance” məlumatlarına görə, bitkoin 4,33 faiz bahalaşaraq 80,8 min dollara yüksəlib. Bundan bir neçə saat əvvəl onun qiyməti mayın 14-dən bəri ilk dəfə 82 min dolları ötüb. “Ethereum” isə 4,74 faiz bahalaşaraq 2502,86 dollara çatıb.
“CoinMarketCap”ın məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,71 trilyon dollar təşkil edir. Bunun 1,62 trilyon dolları bitkoinin payına düşür.
Qeyd edək ki, likvidasiya kredit çiyni ilə açılmış mövqedə zərərin müəyyən həddi keçməsi nəticəsində birjanın həmin mövqeni məcburi şəkildə bağlamasıdır.