BAKI, 8 sentyabr. TELEQRAF

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Parsxaladze Rusiyada Ukraynaya qarşı müharibədə iştirak üçün “Georgiyevski” adlı beynəlxalq könüllü bölmə yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sova” məlumat yayıb.

Bölmənin komandiri Romanov-Parsxaladzenin özüdür.

“Xalqlarımızın və ölkələrimizin birləşməsinin, eləcə də ənənəvi ailə dəyərlərinin müdafiəsinin tərəfdarı olan həmfikirlərimiz və tərəfdarlarımız tərəfindən “Georgiyevski” beynəlxalq bölməsi yaradılıb”, - o bildirib.

Gürcüstanın sabiq rəsmisinin sözlərinə görə, bölmənin adı 1783-cü ildə imzalanmış Georgiyevsk traktatı ilə bağlıdır. Parsxaladze bu sənədin gürcü xalqının tarixində böyük rol oynadığını iddia edib.

Dediyinə görə, Rusiya tərəfində müharibədə iştirak etmək qərarını könüllü şəkildə qəbul edib: “Əməliyyatlarının başlanmasından etibarən komandamla ilə birlikdə Rusiya hərbçilərinə fəal şəkildə yardım göstərirəm”.

Romanov-Parsxaladze Rusiya pasportu aldığı üçün Gürcüstan vətəndaşlığını itirib. Gürcüstan hakimiyyəti bildirib ki, bu, onun ölkəyə ekstradisiyası prosesini çətinləşdirir.