BAKI, 8 sentyabr. TELEQRAF
“Qarabağ”dan ayrılaraq Polşanın “Vyeçista” klubunna keçən Mateuş Koxalski sosial şəbəkə hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, 26 yaşlı qolkiper Azərbaycan dilində yazdığı vida mesajında sabiq klubunda keçirdiyi dönəmlərdən danışıb, azarkeşlərə təşəkkür edib.
""Qarabağ" mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram.
Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam.
İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram.
Hər şey üçün təşəkkür edirəm, Qarabağ!" - deyə, o qeyd edib.
Qeyd edək kİ, 2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, "köhlən atlar" ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.