BAKI, 4 sentyabr. TELEQRAF

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillərin seçimi həyata keçirilib.

Teleqraf xəbər verir ki, ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun baş tutub.

Agentliyin inzibati binasında yaradılmış operativ qərargahda Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə MİDA-nın nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayıb və saat 16:00-a qədər davam edəcək.

***

11:00

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillərin satışı başlayıb.

Teleqraf xəbər verir ki, ümumilikdə 535 mənzilin satışı bu gün saat 16:00-dək davam edəcəkdir.

Satılacaq mənzillərə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzil, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzil, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil daxildir.

Qeyd edək ki, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olan bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Xatırladaq ki, "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişikliklər tətbiq edilib.