Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 2026-cı il ərzində Qarabağda 73 maarifləndirmə tədbiri keçirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinin müavini Rüfət Rüstəmov deyib.
Onun sözlərinə görə, tədbirlərdə 230-dan çox işəgötürən və 3 mindən artıq işçi iştirak edib.
R.Rüstəmov bildirib ki, Əməyin Mühafizəsi Mərkəzi 2023-cü ilin mayında Prezidentin fərmanı ilə yaradılıb. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl olunmasına dəstək göstərilməsi, iş yerlərinin attestasiyasının aparılması, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, eləcə də bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi daxildir.
Mərkəzin rəsmisi Xocalıda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC-nin “Nümunəvi müəssisə” layihəsi çərçivəsində seçildiyini də açıqlayıb.
O qeyd edib ki, “Nümunəvi müəssisə”lərin müəyyənləşdirilməsi zamanı müəssisələrdə əməyin mühafizəsi və işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlər əsas meyar kimi götürülür.
R.Rüstəmov Qarabağda digər müəssisələrin də bu layihəyə cəlb olunacağını və əməyin mühafizəsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.