BAKI, 8 sentyabr. TELEQRAF
İşğaldan azad olunmuş ərazilərdə yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu mediatur zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Adil Rəhimli deyib.
O bildirib ki, yeni iş yerlərinin yaradılması ilə yanaşı, müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi də xüsusi diqqət tələb edir.
“Bizim əsas prioritet məsələlərimizdən biri əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlərin keçirilməsidir. Bu cür tədbirlərin məqsədi işəgötürənlərin və işçilərin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət etməkdir”, - deyə A.Rəhimli qeyd edib.
AHİK rəsmisi əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə də toxunub.
Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməyin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış institutlarından birinin “Təhlükəsizliyin idarə edilməsi” modulunu akkreditasiya edib.
“Konfederasiyanın tərkibində fəaliyyət göstərən Əmək və Sosial Münasibətlər Akademiyasında həmin modul üzrə kurslar təşkil olunub. Bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlarımız kurslarda iştirak edərək beynəlxalq sertifikat əldə edirlər. Gələcəkdə də bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə Adil Rəhimli əlavə edib.