BAKI, 20 avqust. TELEQRAF
Dəmir yolu bileti satışı Qlobal Paylama Sisteminə (GDS) inteqrasiya ediləcək.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Sənədə əsasən regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi vasitəsilə regionlara turist axınının stimullaşdırılması nəzərdə tutulur.
Regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığı (keyfiyyətli avtomobil, avtobus və dəmir yolu əlaqəsi) artırılacaq. Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.
Planlar sırasında turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması da daxildir.