BAKI, 20 avqust. TELEQRAF

“Yerasx-Naxçıvan (Azərbaycan) və Axurik-Türkiyə dəmir yolu xətlərinin yenidən qurulması Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Brifinqdə Paşinyandan hökumətin yeni proqramında bu xətlərin bərpasının nəzərdə tutulmasının Rusiyanın Ermənistanın müvafiq müraciətindən artıq qəti şəkildə imtina etdiyi və buna görə də İrəvanın dəmir yolu infrastrukturunun bərpası öhdəliyini müstəqil şəkildə öz üzərinə götürdüyü anlamına gəlib-gəlmədiyi soruşulub.

“Xeyr, bu o demək deyil. Tikinti Ermənistan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”, - Paşinyan cavab verib.

Söhbət Yerasxdan Naxçıvana qədər 1,6 kilometrlik və Axurik kəndindən Türkiyə sərhədinədək 12,4 kilometrlik dəmir yolu xətlərindən gedir.

Nikol Paşinyan Ermənistan dəmir yolunun Rusiyanın idarəçiliyindən alınması məsələsini ilk dəfə 2025-ci ilin dekabrında Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin təmiri kontekstində gündəmə gətirib. Ardınca o, Ermənistan dəmir yolunun idarə edilməsinə yenidən baxmağı və konsessiyanın Qazaxıstan, BƏƏ və ya Qətər kimi dost ölkələrdən birinə satılmasının mümkünlüyünü təklif edib.

İrəvan Rusiya razı olduğu halda Qazaxıstan şirkətinin Ermənistan dəmir yollarının idarəçiliyini üzərinə götürməsinə etiraz etmədiyini də bildirib. Rusiya nəqliyyat naziri Andrey Nikitin isə Moskvanın konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmadığını qeyd edib.