BAKI, 20 avqust. TELEQRAF

Azərbaycandan dondurulmuş balıq məhsulları və kürü ixracında ciddi artım qeydə alınıb.

Teleqraf.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz çoxdur. Eyni zamanda, daxili dəniz məhsullarının Çin bazarına çıxarılması üçün rəsmi Pekinlə hüquqi sənədlər imzalanıb.

Kürü ixracında isə daha kəskin artım müşahidə olunub. İlin ilk 7 ayı ərzində ölkədən 12 istiqamətə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya 954,2 kq balıq kürüsü satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 2,7 dəfə artıb. Hazırda müxtəlif balıq növlərinin Avropa İttifaqı və Birləşmiş Krallıq bazarlarına ixrac icazəsinin alınması istiqamətində işlər davam etdirilir.

İxracın genişlənməsi ilə yanaşı, daxili bazarda da yoxlamalar gücləndirilib. Azərbaycan daxilinə soyudulmuş və dondurulmuş balıq məhsulları İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniya daxil olmaqla 20-dən çox ölkədən gətirilir. AQTA idxal olunan bütün məhsullara ciddi sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edərək onları laborator müayinələrə cəlb edir.