BAKI, 20 avqust. TELEQRAF

NATO-ya məxsus EA-37B təyyarəsi Polşanın hava məkanından təxminən iki saat ərzində Rusiyanın Kalininqrad vilayəti yaxınlığında kəşfiyyat aparıb.

Teleqraf xəbər verir ki, NATO-nun bu xüsusi əməliyyatı barədə “The War Zone” (TWZ) məlumat yayıb.

“Bu təyyarə uzaq məsafədən radioelektron müharibə üçün mühüm dəstək təmin etmək məqsədilə güclü aktiv radiolokasiya antena sistemləri ilə təchiz olunub. Bu sistemlər düşmənin radarlarına və rabitə sistemlərinə qarşı da istifadə edilə bilər. EA-37B müxtəlif növ radiosiqnallar yayan mənbələri aşkar etmək, izləmək və onların yerini müəyyənləşdirmək qabiliyyətinə malik olduğundan, əlavə olaraq kəşfiyyat, müşahidə və məlumat toplama funksiyalarını da yerinə yetirir”, - nəşr yazıb.

Mənbənin fikrincə, EA-37B potensial düşmən haqqında hərbi məlumatların toplanması üçün dünyanın ən güclü hava platformalarından biridir. Bu, sözügedən təyyarənin Rusiya yaxınlığında ilk dəfə müşahidə edilməsi kimi qiymətləndirilir.

Portal əlavə edib ki, təyyarə Kalininqradda yerləşdirilmiş hərbi vasitələrin fövqəladə vəziyyət zamanı göstərə biləcəyi təsiri minimuma endirmək baxımından mühüm əhəmiyyət daşıya bilər.