BAKI, 20 avqust. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhəri, Nəcibə Məlikova küçəsində Rasif Abadullayev qətlə yetirilib.
Teleqraf xəbər verir ki, qətlə yetirilən şəxsin qardaşı Rusif Abdullayevin sözlərinə görə, hadisə yaşadıqları evin qarşısında qonşusu ilə söhbət etdiyi vaxt baş verib.
Həmin vaxt qonşuluqda yaşayan Ayxan Aslanov küçədə mobil telefonla danışırmış. Rusif Abdullayevin evin yaxınlığında olmasından narahatlıq keçirən Ayxan onun ərazidən uzaqlaşmasını istəyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.
İddiaya görə, Ayxan Aslanov dostu Ceyhun Cəbrayılovu hadisə yerinə çağırıb. Ceyhun Cəbrayılov Rusif Abdullayevi döyərək ona xəsarət yetirib.
Həmin vaxt evə gələn Rusifin qardaşı Rasif tərəfləri ayırmağa çalışıb. Bu zaman Ceyhun Cəbrayılov Rasifə iki bıçaq zərbəsi endirib.
Rusif Abdullayev bildirib ki, o, qardaşının öldürüldüyünü öz gözlərilə görüb.
Qeyd edək ki, qətlə yetirilən şəxsin iki övladı var. O, ticarət mərkəzlərindən birində satıcı işləyirmiş.
