BAKI, 13 avqust. TELEQRAF
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamına əsasən bu bölgəyə 258 milyon manat vəsaitin ayrılacaq. Nəzərdə tutulan vəsait mövcud dövlət proqramlarının (o cümlədən 2023–2027-ci illər üzrə Dövlət Proqramı) davamı hesab edilir.
Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet 11 istiqamət üzrə görülən işlərin sürətləndirilməsi, şaxələndirilməsi hədəflənib. Hesablama Palatasının açıqlamasına əsasən, Dövlət Proqramının icrasına ötən 2,6 aylıq dövrdə 57,1 milyon manat xərclənib.
Qeyd edək ki, proqrama uyğun olaraq ötən illərdə regionda hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlər tətbiq edilib, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər görülüb. Bank və sığorta xidmətlərinin əhatə dairəsi genişləndilib. Sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilib. Zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilib. Gömrük sərhəd buraxılış məntəqələrində keçid sürətləndirilib və yükötürmə qabiliyyətinin artırılması yönündə iş aparılıb.
Nəticə etibarilə bütün bunlar muxtar respublikanın ümumi daxili məhsul istehsalına əhəmiyyətli dərəcədə təsir göstərib.
Rəsmi statistikaya görə, bu ilin yanvar-iyul aylarında Naxçıvanda ötən ilin eyni dövrü ilə müqayisəsə 3,1% çox - 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Orta aylıq nominal əməkhaqqı 872 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur. Hesabat dövründə əsas kapitala ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% çox - 156,7 milyon manat vəsait yönəldilib.
7 ay ərzində Muxtar Respublikada 239,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 9,3% çoxdur. İstehsalın 127,2 milyon manatlıq hissəsi bitkiçilik, 112,7 milyon manatlıq hissəsi isə heyvandarlıq üzrə olub.
İlin əvvəlindən 322 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.
Sənaye məhsulunun 285 milyon manatlıq hissəsi malların, 37 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,2%-i mədənçıxarma, 83,2%-i emal, 15%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
İilin əvvəlindən əsas kapitala 156,7 milyon manat vəsait (30,9% artım) yönəldilib. İnvestisiya qoyuluşunun 48,9%-i məhsul istehsalı sahələrinə, 12,8%-i xidmət sahələrinə, 38,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-iyulda xarici ölkələrlə 90,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparılıb. Dövriyyənin 7,5 milyon ABŞ dolları ixracın, 82,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,1%, idxal isə 34,9% artıb.
Yeni iş yerləri və ixrac imkanları
Son illər muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayında artımlar müşahidə olunur. Əgər 2020-ci ildə Naxçıvanda 109 sənaye müəssisəsi fəaliyyət göstərirdisə hazırda bu göstərici 130-a çatıb. Bu, birbaşa olaraq biznes mühitinin yaxşılaşması və bu istiqamətdə dövlət dəstəyinin artırılması ilə bağlıdır
Yeni təməli atılan və 310 hektar ərazini əhatə edən Naxçıvan Sənaye Parkında yaradılacaq emal müəssisəsi də mikro, kiçik və orta sahibkarlığın inkişafında, əhalinin məşğulluğunun artırılmasında, şəxsi təsərrüfatlarda istehsal olunan xammalların emal edilib bazara çıxarılmasında mühüm rol oynayacaq.
Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Sənaye Parkı rezidentlərə hazır infrastruktur və güzəştlər hesabına yeni istehsal sahələrinin qurulmasına, investisiyaların cəlbinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.
Nəzərə çatdıraq ki, Dövlət Proqramı əsasında Şərur Sənaye Məhəlləsinə rezidentlərin cəlb edilməsi istiqamətində atılan addımlar və 20-dən çox residentin burada fəaliyyətə başlaması nəticəsində Muxtar Respublika bu sahədə təcrübəyə malikdir.
Müqayisə üçün onu da əlavə edək ki, biznes mühitinin yaxşılaşması vergi ödəyicilərinin sayında artıma səbəb olub. Bu ilin əvvəlindən vergi ödəyicilərinin sayı 56 096 nəfərə çatıb. Onların 94,7%-ini fiziki şəxslər, 5,3%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7% artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8%, hüquqi şəxslərin sayı isə 4% yüksəlib. Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 926-ya çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.
Qeydiyyata alınan kommersiya qurumlarının 85,8%-i elektron qaydada, 14,2%-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.
Yeri gəlmişkən, biznes mühitinin yaxşılaşması, yeni sənaye müəssisələrinin yaradılması 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsində vergi daxilolmaları ilə bağlı proqnozları yüksəldib. Belə ki, büdcə gəlirlərinin 51,4%-nin - 248,2 mln. manatının Naxçıvanın Dövlət Vergi Xidmətinin (DVX), 17,5 mln. manatını və ya 3,6%-i Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə daxil olması nəzərdə tutulub.
2026-cı il üçün DVX xətti ilə təmin edilməli gəlirlərin məbləği 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 21,4 mln. manat, 2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 56,7 mln. manat və ya 29,6% çox olmaqla 248,2 mln. manat olaraq proqnozlaşdırılıb.
Qaza qənaət, karbon emissiyasına son
2026–2027-ci illərdə Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi rəsmi Bakının əsas hədəfidir. Xatırladaq ki, indiyə qədər Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 2 meqavat, 2020-ci ildə isə 3 meqavat gücündə Günəş Elektrik Stansiyalarının, Şərur rayonunda 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının, həmçinin Culfada Külək-Günəş Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub.
Hazırda ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.
“Tivi” Su Elektrik Stansiyası istismara verildikdən sonra illik 47 milyon kilovat saat elektrik enerjisinin hasil olunub sistemə ötürülməsi planlaşdırılır ki, bu da muxtar respublikanın ümumi enerji tələbatının 10 faizinə bərabərdir.
“Şəms 1” stansiyasının istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş Elektrik Stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Son rəqəmlərə əsasən, bərpa olunan mənbələr Muxtar Respublikanın quraşdırılmış gücünün təxminən 44%-ni, istehsalının isə 36%-dən çoxunu təşkil edir. 2024-ci ilin sonuna Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələrindən 235.909,206 kVt/saat elektrik enerjisi istehsal edilərək ümumi sistemə ötürülüb ki, bu da stansiyalar üzrə ötürülən ümumi enerjinin 48,7%-ni təşkil edib.
Qonşularla ticarət imkanları
Naxçıvanda dəmir yolunun müasir standartlara cavab verməsi məqsədilə 2024-cü ilin əvvəlindən sərnişin daşımaları dayandırılıb. Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. 2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır.
Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpü, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur. Marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Eyni zamanda yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər davam etdirilir.
Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb.
Dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Yeri gəlmişkən, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin inşa işləri bitikdən sonra yeni infrastruktur Azərbaycan–Türkiyə arasında birbaşa dəmir yolu bağlantısını gücləndirməklə regionun nəqliyyat və yükdaşıma potensialını artıracaq.
420 kilometrlik yol infrastrukturu bərpa ediləcək
Yol infrastrukturu üzrə də geniş proqram nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında kənd və şəhər yollarının bərpası məqsədilə 420 kilometr uzunluğunda yolun təmiri planlaşdırılır. Bu layihələr üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb və 26 yaşayış məntəqəsini əhatə edən yolların əsaslı təmiri nəzərdə tutulur.
Ekspert rəylərinə görə, bərpası nəzərdə tutulan yollar Naxçıvanın əsas inzibati ərazi vahidləridir. Bu ərazilərdə yolların keyfiyyətinin yaxşılaşdırılması nəqliyyat xərclərini azaldacaq, mal və xidmətlərin daşınma sürətini artıraraq, regionlar arasında əlaqəni gücləndirəcək. Eləcə də turizm və kənd təsərrüfatının inkişafına səbəb olacaq.
Xatırladaq ki, indiyə qədər Naxçıvanda 2.664 kilometr avtomobil yolu əsaslı təmir olunub. Bu daşımalara öz təsirini göstərib. Cari il ərzində avtomobil nəqliyyatı ilə bu ərazi vasitəsilə 7 milyon 140 min ton yük daşınıb.