BAKI, 13 avqust. TELEQRAF

İran TRİPP layihəsi ilə bağlı Ermənistanla heç bir razılığa gəlməyib.

Teleqraf xəbər verir ki, bu barədə İranın hərbi elitasının nümayəndəsi, general-mayor Yəyha Rəhim Səfəvi bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistanla nə real anlaşma, nə də ortaq məxrəc var: "Biz qırmızı xətlərimizi açıq və aydın şəkildə Ermənistanın diqqətinə çatdırmışıq. Buna görə də, Ermənistan parlament üzvünün açıqlaması reallığa uyğun gəlmir. Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, onda niyə onların Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə bütövlükdə baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır. Biz Ermənistanla danışıqları davam etdiririk. Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika silahlı qüvvələrinin üzərinə düşərsə, İran cavab tədbirləri görmək hüququnu və müvafiq addımlar atmaq imkanını özündə saxlayır".

Səfəvi həmçinin qeyd edib ki, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlasaydılar, daha yaxşı olardı.