BAKI, 13 avqust. TELEQRAF

2026-cı ilin ilk 7 ayında Azərbaycan vətəndaşları Türkiyədə 478 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,43% azdır.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin iyulunda azərbaycanlılar qonşu ölkədən 90 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 8,16% azalma deməkdir.

İyulda Türkiyədə xarici vətəndaşlara 2 120 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,9% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,7% təşkil edib.

2026-cı ilin yanvar-iyul aylarında isə əcnəbilərə 11 203 mənzil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% azdır.

Ötən ay da Rusiya Federasiyası vətəndaşları Türkiyənin mənzil bazarında aktivliklərini qoruyub saxlayıblar. Ruslar Türkiyədən 394 mənzil alıblar. İran vətəndaşları qonşu ölkədən 189, Ukrayna vətəndaşları isə 145 mənzil alıblar.

Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.