BAKI, 13 avqust. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp 25 gündür ictimaiyyət qarşısında görünmür. Bu müddət ərzində o, Vaşinqtonda keçirilən iki yüksək səviyyəli tədbirdə də iştirak etməyib: senator Lindsi Qrehemin dəfn mərasimində və təxirə salınaraq yenidən keçirilən Ağ Ev müxbirlərinin şam yeməyində.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Melaniya Tramp əvvəlki illərdə də ictimaiyyət qarşısında uzun müddət görünməməsi ilə diqqət çəkib. Donald Trampın ilk prezidentlik dövründə, 2018-ci ildə 24 gün ictimaiyyət qarşısında görünməmişdi. 2025-ci ildə isə dörd həftə Vaşinqtondan kənarda qalmışdı.
Melaniyanın tədbirlərdə iştirak etməməsi ilə bağlı “Newsweek” iyulun sonunda onun mətbuat xidməti və Ağ Evlə əlaqə saxlasa da, məsələyə münasibət bildirilməyib. “Newsweek” daha sonra yenidən Ağ Evə şərh üçün müraciət edib.
Melaniya Tramp sonuncu dəfə iyulun 19-da Nyu-Cersidəki “MetLife” stadionunda keçirilən Futbol üzrə Dünya Çempionatının final oyununda Donald Trampla birlikdə görüntülənib. Birinci xanım Trampın yanında oturaraq final matçını izləyib.
Həmçinin o, iyulun 4-də “National Mall”da keçirilən Trampın “Salute to America 250” tədbirində iştirak edib.
İyunda isə Melaniya Tramp Ağ Evin Cənub qazonunda keçirilən “UFC Freedom 250” tədbirində Trampa qoşulub. O, Tramp ailəsinin üzvləri və UFC prezidenti Dana Uaytla birlikdə rinqin kənarında əyləşmişdi.
Melaniya apreldə Ağ Ev müxbirlərinin şam yeməyində iştirak etmişdi. Amma tədbir məkanının qarşısında açılan atəş nəticəsində yaranan təhlükəsizlik insidenti səbəbindən tədbir yarımçıq dayandırılmışdı. Məxfi Xidmət əməkdaşları Melaniya Trampı, Prezident Trampı və digər yüksək səviyyəli rəsmiləri zaldan çıxarmışdılar.
ABŞ Məxfi Xidmətindən bundan əvvəl “Newsweek”ə bildirilib ki, İranla əlaqələndirilən və Melaniya Trampı hədəfə alan bir video barədə məlumatlıdırlar. Vaşinqtonla Tehran arasında gərginliyin artdığı bir vaxtda xidmət onunla bağlı təhlükəni araşdırıb. Məxfi Xidmətin sözçüsü Neyt Herrinq deyib ki, qurum öz mühafizəsi altında olan şəxslərə yönəlmiş təhdid kimi qəbul edilə biləcək məlumatları araşdırır. Ancaq Melaniya Trampın 25 günlük ictimai yoxluğu ilə İranla əlaqələndirilən bu təhlükə arasında hansısa əlaqənin olduğuna dair ictimaiyyətə açıqlanmış məlumat yoxdur. Rəsmi şəxslər də bu iki məsələ arasında əlaqə olduğunu bildirməyiblər.