BAKI, 12 avqust. TELEQRAF

"Naxçıvanda infrastrukturun yenilənməsi ilk növbədə muxtar respublikada biznes mühitinin yaxşılaşmasına və investisiya xərclərinin azalmasına şərait yaradacaq".

Bu barədə Teleqraf-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması ilə bağlı Sərəncamını regionun iqtisadi inkişafı baxımından mühüm addımdır:

“Burada əsas məsələ təkcə ayrılan vəsaitin həcmi deyil, həmin vəsait hesabına yaradılacaq infrastrukturun gələcək iqtisadi aktivliyə verəcəyi töhfədir.

Yol, kommunal, enerji və digər zəruri infrastrukturun inkişafı özəl investorlar üçün regionun cəlbediciliyini artırır. Bu baxımdan dövlət investisiyalarının növbəti mərhələdə özəl investisiyaları da təşviq edəcəyini gözləmək olar”.

Ekspertin sözlərinə görə, layihələrin icrası tikinti, nəqliyyat, xidmət və təchizat sahələrində birbaşa yeni iş yerlərinin yaranmasına səbəb olacaq:

“Daha uzunmüddətli perspektivdə isə yeni müəssisələrin açılması, turizm, kənd təsərrüfatı, emal sənayesi, logistika və xidmət sektorlarının genişlənməsi məşğulluğa daha davamlı təsir göstərəcək”.

Eyyub Kərimli əlavə edib ki, Naxçıvanın Azərbaycanın əsas iqtisadi məkanı ilə nəqliyyat əlaqələrinin genişlənməsi muxtar respublikanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər:

“Hesab edirəm ki, 258 milyon manatlıq dövlət investisiyasına yalnız cari sosial-iqtisadi dəstək kimi deyil, Naxçıvanda yeni iqtisadi modelin formalaşdırılması üçün baza yaradan kapital qoyuluşu kimi yanaşmaq lazımdır. Vəsaitlərin səmərəli və şəffaf şəkildə layihələrə yönəldilməsi təmin olunarsa, nəticədə sahibkarlığın genişlənməsi, yeni iş yerlərinin yaradılması və Naxçıvanın investisiya cəlbediciliyinin yüksəlməsi üçün ciddi iqtisadi effekt əldə etmək mümkündür”.