BAKI, 13 avqust. TELEQRAF
Bakı metrosunda Yaşıl və Qırmızı xətlərin ayrılması üçün hər bir xəttin müstəqil fəaliyyət göstərən deposunun olması nəzərdə tutulur. Bununla bağlı layihənin icrasına mərhələli şəkildə başlanılıb.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov deyib.
O bildirib ki, Dərnəgül deposunun tikintisi çərçivəsində ümumilikdə 25 qanovdan (təmir-baxış sahəsi – red.) 12-si artıq istismara verilib.
“Bunlar Yaşıl xətt üzrə hərəkət edəcək qatarların texniki baxışının və gündəlik istismarının təşkili üçün şərait yaradılması məqsədi daşıyır”, – deyə N. Yusubov qeyd edib.
Onun sözlərinə görə, Bakı Metropoliteni üçün xüsusi əhəmiyyət daşıyan birləşdirmə tunelinin inşasıdır: “Mürəkkəb geoloji şəraitə malik olan həmin ərazidə inşaat işlərinə başlanılacaq. Bu müddət ərzində həmçinin yol infrastrukturu, mühəndis-texniki qurğuların inşası kimi mürəkkəb əhəmiyyət daşıyan işlərin icrası nəzərdə tutulur”.
N.Yusubov əlavə edib ki, 12 qanov, yəni 3 qaldırma sahəsi və 9 təmir baxış qanovu istismara verilib:
“Digər mərhələ artıq 2027-ci ilin sonu, 2028-ci ilin əvvəli müddətlərinə planlaşdırılıb. Mümkün qədər qısa müddət ərzində qanovların tam olaraq fəaliyyət göstərə bilməsi və tunellərin inşasından sonra sərbəst hər iki xəttin müstəqil hərəkətinin təşkili nəzərdə tutulur”.