BAKI, 5 avqust. TELEQRAF
2025-ci il ərzində Dövlət Neft Fondunun (ARDNF) borc öhdəlikləri və pul bazarları alətləri portfelinin ümumi həcmi 6 milyard 242,80 milyon ABŞ dolları azalaraq 21 milyard 913,72 milyon dollara enib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Məlumata görə, bu daralma fonunda portfelin kredit reytinqi strukturunda əsas dəyişiklik AAA dərəcəli aktivlərin 7 milyard 659,02 milyon dollar azalması və Mərkəzi Bankda olan 2 milyard dollar həcmində vəsaitin sıfırlanması ilə xarakterizə olunub. İnvestisiya dərəcəli AA reytinqli aktivlər 2 milyard 123,67 milyon 16 ABŞ dolları, A reytinqli aktivlər isə 1 milyard 526,71 milyon ABŞ dolları artıb. Digər tərəfdən, BBB reytinqli aktivlərdə 12,46 milyon dollar və Azərbaycan istiqrazlarında 290,22 milyon dollar həcmində nominal azalma qeydə alındığı halda, qeyri-investisiya dərəcəli aktivlərin məbləği 68,52 milyon dollar çoxalaraq 179,36 milyon ABŞ dollarına yüksəlib.
Yekun etibarilə, portfelin kredit keyfiyyətindəki struktur yerdəyişmələri təhlükəsiz aktivlərin azaldılması və orta-yüksək risk qrupuna aid alətlərin genişləndirilməsi hesabına baş verib. Ümumilikdə, alt portfelin ümumi həcmi il ərzində 6 milyard 242,8 milyon dollar azaldılıb.