BAKI, 5 avqust. TELEQRAF
Sosial şəbəkələrdə "Selsept 500 mq №50 tablet" dərman vasitəsinin müxtəlif aptek müəssisələrində fərqli qiymətlərlə satışa təqdim edilməsi ilə bağlı məlumat yayılıb.
Teleqraf xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
Bildirilib ki, paylaşımda vətəndaş həmin dərman vasitəsinin iki ayrı aptekdə müxtəlif qiymətlərlə (birində 123,02 manat, digərində isə 67,60 manat) satıldığını bildirərək bunun səbəbini sual edib.
Qeyd edilib ki, Azərbaycanda dərman vasitələrinin satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir və təsdiq olunur.
"Bununla belə, mediada yayılan məlumat əsasında məsələ AEM tərəfindən araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Araşdırma nəticəsində müəyyən edilib ki, "Selsept 500 mq №50 tablet" dərman vasitəsini 123,02 manata satan aptek müəssisəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməyib. Həmin dərman vasitəsi üçün Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş yuxarı satış qiyməti 123 manat 02 qəpik təşkil edir.
Vətəndaşa "Selsept 500 mq №50 tablet" dərman vasitəsinin 67 manat 60 qəpiyə satışı "ZEYTUN PHARMACEUTICALS" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 ünvanında yerləşən aptek müəssisəsində həyata keçirilib.
Mediada yayılan məlumat və mövcud faktlar əsas götürülərək, Ədliyyə Nazirliyinin dövlət reyestrindən çıxarış əsasında AEM əməkdaşları tərəfindən həmin aptek müəssisəsində plandankənar (növbədənkənar) yoxlama keçirilib.
Yoxlama zamanı müəyyən edilib ki, "Selsept 500 mq №50 tablet" dərman vasitəsi (böyrək, ürək və ya qaraciyər transplantasiyasından sonra orqan rəddinin qarşısını almaq üçün istifadə olunan immunosupressiv preparatdır) Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə edilən ən vacib dərman vasitələri siyahısına daxildir. Bu dərman həkim təyinatına uyğun olaraq dövlət tərəfindən həmin şəxslərə ödənişsiz təmin edilir.
Yoxlama çərçivəsində aptek müəssisəsinin məsul şəxsindən yazılı izahat alınıb. Təqdim olunmuş izahata əsasən, satışa çıxarılan preparat aptekə aid olmayıb, işçinin yaxın qohumuna məxsus olub və artıq istifadə edilmədiyi üçün aşağı qiymətə satılması məqsədilə aptekdə realizə edilib.
Bu hal qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Bundan əlavə, yoxlama zamanı aptek müəssisəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı digər nöqsanlar da aşkarlanıb.
Aşkar olunmuş pozuntularla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.
AEM bir daha bildirir ki, vətəndaşların müraciətləri və mediada yayılan məlumatlar diqqətlə araşdırılır, qanun pozuntusu müəyyən edildiyi hallarda isə operativ nəzarət tədbirləri həyata keçirilir və qanunvericiliyə uyğun hüquqi qiymət verilir.
Eyni zamanda, media nümayəndələrindən xahiş olunur ki, səhiyyə sahəsinə aid məlumatları, xüsusilə AEM səlahiyyətlərinə aid məsələləri dərc etməzdən əvvəl rəsmi mövqeni də dəqiqləşdirsinlər. Bu, ictimaiyyətin düzgün məlumatlandırılmasına və yanlış təsəvvürlərin formalaşmasının qarşısının alınmasına xidmət edir", - məlumatda vurğulanıb.