LƏNKƏRAN, 5 avqust. TELEQRAF

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Hadisə şəhərin Liman qəsəbəsində baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Kia”da olan üç nəfər – Cəlilabad sakinləri Şahbazov Vüsal Seymur oğlu, Heydərov Sadiq Əlizamin oğlu və Əliyev Adil Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran xəstəxanasına yerləşdiriliblər.

Yaralıların sözlərinə görə, hadisəyə “Kia” markalı avtomobilin sürücüsünün hərəkətdə olarkən mobil telefonla yazışması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.