BAKI, 4 avqust. TELEQRAF
Dövlət Neft Fondunun mənfəət neftinin və qazın satışından gəlir istiqamətinə daxil olan Razılaşma Protokoluna əsasən, SOCAR tərəfindən həyata keçirilməsi nəzərdə tutulan ödənişlərin icrasında tam kənarlaşma qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Belə ki, Fondun 2025- ci il üzrə təsdiq edilən büdcəsində qeyd olunan gəlir xətti üzrə 123,2 mln. ABŞ dolları həcmində daxilolma proqnozlaşdırılsa da, hesabat dövründə SOCAR tərəfindən müvafiq ödənişlər ümumiyyətlə icra edilməyib:
"Razılaşma Protokolunun şərtlərinə əməl olunmaması nəticəsində Fondun büdcə gəlirlərinin proqnozlaşdırılan bəndi üzrə icra faizi 0% təşkil edib. Bu hal Fondun mənfəət neftinin və qazın satışından daxilolmalar gəlir istiqaməti üzrə proqnozun tam reallaşdırılmasına təsir göstərib".