BAKI, 4 avqust. TELEQRAF
Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə xərclərin əhəmiyyətli dərəcədə artması nəticəsində hökumətin payına düşən gəlirlər azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Qeyd edilir ki, bu azalma BP Eksploreyşn Limited şirkətinin Dövlət Neft Fonduna ünvanladığı 5 iyul 2024-cü il tarixli ilkin məktubundakı proqnoz göstəriciləri (70,0 ABŞ dolları qiymət ssenarisi üzrə) ilə 30 iyun 2025-ci il tarixli növbəti məktubundakı dəqiqləşdirilmiş məlumatların müqayisəli təhlili zamanı müəyyən edilib.
Belə ki, ilkin proqnozlarla müqayisədə hasilatın həcminin 123 mln. bareldən 124 mln. barelə, satışın dəyərinin isə 8 347 mln. ABŞ dollarından 8 373 mln. ABŞ dollarına yüksəlməsinə baxmayaraq, mənfəət daxilolmaları (6 608 mln. ABŞ dollarından 6 419 mln. ABŞ dollarına) və Hökumətin payı (73 mln. bareldən 71 mln. barelə və ya 4 956 mln. ABŞ dollarından 4 814 mln. ABŞ dollarına) azalıb.
Bir barel neftin nəql olunma xərci 2,1 ABŞ dollarından 2,5 ABŞ dollarına, istismar xərcləri 554,0 mln. ABŞ dollarından 614,0 mln. ABŞ dollarına, kapital xərcləri isə 1 164,0 mln. ABŞ dollarından 1 317,0 mln. ABŞ dollarına qaldırılıb.