BAKI, 5 avqust. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi proses şahid ifadəsi ilə davam edib.

Şahid Ağababa Babayev bildirib ki, 2017-ci ildən 2023-cü ilin yanvar ayınadək bulvarda gəzinti gəmilərinə nəzarət vəzifəsində işləyib:

"2018-ci ildən orada orada kassir vəzifəsi tutmuşam. Kassadan kənar bilet satmaq mümükün deyildi. Gəminin biri 350, digəri 60 adam tuturdu. "Mirvari" gəmisi may ayının ortasından sentyabra qədər işləyirdi. "Şəfəq" gəmisi isə qışda xidmət göstərirdi. Biletin qiyməti COVİD-19 pandemiyası dövründə qalxdı. Ondan əvvəl bilet 3 manat idi, qalxıb 5 manat oldu. Gəmilərin hərəkət etməsi üçün sərnişin sayı müəyyən edilməmişdi".

İfadədə ziddiyyət olduğu üçün təqsirləndirilən İlqar Mustafayevin vəkili şahidin ibtidadi istintaqa verdiyi ifadəsini xatırladıb.

Vəkil bildirib ki, şahid pandemiya vaxtı bulvarda səyahət gəmilərinin işləmədiyini söyləyib: "Amma istintaq materiallarında COVİD-19 pandemiyası vaxtında səyahət gəmilərinin 80 min sərnişin daşıdığı qeyd edilib.

Eyni zamanda şahid istintaqa verdiyi ifadələrin birində bildirib ki, "Şəfəq" gəmisinə ən azı 30, "Mirvari" gəmisinə isə 100 nəfər dolmamış gəmilər səfərə çıxmırdı. Bu ifadələr arasında ziddiyyət var".

Ağababa Babayev cavabda bildirib ki, müəyyən olunana qədər adam yığılması üçün bilet alanlardan bəziləri gözləyir, bəziləri isə gözləməyib çıxıb gedirdi.

Vəkil xatırladıb ki, Dövlət Dəniz və Liman Agentliyi səyahət gəmilərinin gecə saatlarında da səfərə çıxdığını, həmçinin 60 nəfərlik gəmiyə 430 sərnişin qəbul edildiyini istintaqa bildirib: "Agentlik məhkəməyə ayrı, istintaqa başqa bir say bildirib".

Növbəti məhkəmə prosesi sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.