BAKI, 5 avqust. TELEQRAF

“Ermənistan cəmiyyətində Türkiyə ilə münasibətlərə yanaşma İran və Gürcüstanla müqayisədə fərqlidir və bunun səbəbini Rusiyanın Cənubi Qafqazla bağlı baxışında görür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan deyib.

“Əminəm ki, Xoydan olan heç kim İran səfirinə “Xoy mənim vətənimdir” deməz, Cavaxetiyadan olan heç kim də Gürcüstan səfirinə “Cavaxetiya mənim vətənimdir” söyləməz. Bu məsələlərdə hamımız çox ehtiyatlı davranırıq. Amma Türkiyə ilə münasibətlərdə ehtiyatlı deyilsiniz - Muş, Ərdəhan, Qars, Adana... Siyahını istədiyiniz qədər uzatmaq olar”, - Yeqoyan parlamentdə çıxışı zamanı bildirib və bunun səbəbinin nə olduğunu soruşub.

Hakim fraksiyanın üzvü daha sonra bunun səbəbini belə izah edib:

“Səbəb ondan ibarətdir ki, Rusiyanın baxışına görə, Cənubi Qafqazda Ermənistan üçün nəzərdə tutulan rola İran və Gürcüstanla problem yaşamaq daxil deyil. Rusiyanın təsəvvür etdiyi regional arxitekturada bizim İran və Gürcüstanla problemimiz olmamalıdır. Ona görə siz (müxalifət üzvlərini nəzərdə tutur – red.) bunu dilə gətirmirsiniz. Çünki bu, həmin arxitekturanın tərkib hissəsi deyil.

Türkiyə barədə isə istədiyinizi deyə bilərsiniz. Sonra onlar gəlib ya barışdıracaqlar, ya da barışdırmayacaqlar, yaxud zəng edib deyəcəklər ki, “vasitəçi ola bilərik, xəritələr gətirəcəyik, müxtəlif peşəkar mexanizmlər təklif edəcəyik”.

İranla münasibətlərdə isə belə bir zəmanətçiyə ehtiyac yoxdur. Çünki orada onların münasibətləri başqadır, Türkiyə ilə isə tamam fərqli”.