BAKI, 5 avqust. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstounu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Trans-Xəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib.
Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra əldə olunan mühüm irəliləyişləri və nailiyyətləri vurğulayıblar. Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsinin regionun inkişaf potensialının tam reallaşdırılması baxımından əhəmiyyətini qeyd edən həmsöhbətlər sülhün daha da möhkəmləndirilməsi istiqamətində mümkün addımları da müzakirə ediblər.
Son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsinə, Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı sahəsində əldə olunan nəzərəçarpacaq nəticələrinə diqqət çəkiblər. Bildirilib ki, bu nailiyyətlər avqustun 8-də Vaşinqtonda imzalanmış üç memorandumun icrasının nəticəsidir.
Görüşdə regional kommunikasiyaların inkişaf etdirilməsi və bu istiqamətdə mövcud rəqabət üstünlüklərindən istifadə məsələləri ətraflı müzakirə olunub. Tərəflər TRIPP (“Tramp marşrutu”) proqramının həyata keçirilməsi istiqamətində görülən işlərə toxunaraq, layihənin mümkün qədər qısa müddətdə praktiki mərhələyə keçməsində maraqlı olduqlarını bildiriblər.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.