BAKI, 5 avqust. TELEQRAF
“Rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan-Azərbaycan münasibətlərindəki mümkün gərginlikdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyan deyib.
“Samvel Karapetyan bəyan edir ki, tətiklənmə nöqtəsini gözləyirik, sonra hərəkətə keçəcəyik. Onun ümidi və məqsədi məhz budur ki, hansısa məqamda Ermənistan-Azərbaycan münasibətləri gərginləşə, sərhəddə kiçik də olsa, insident baş verə bilər və onlar bundan istifadə edərək küçələrə çıxsınlar, insanları ətraflarına toplayıb hakimiyyət dəyişikliyinə nail olacaqlarını düşünsünlər”, - o bildirib.
Deputat əlavə edib ki, belə bir ssenari baş verməyəcək:
“Belə bir şey olmayacaq. Bu, sülh davamlı olacaq və onların bir gün bu sülhün pozulacağına dair ümidləri yalnız xülya olaraq qalacaq”.
Çaxoyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinə də münasibət bildirib:
“Konstitusiyanın dəyişdirilməsi ilk növbədə Ermənistanın özünə lazımdır. Konstitusiya dəyişikliyi davamlı sülhü təmin etməlidir. Bunu elə təqdim edirlər ki, guya yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Niyə yoxdur? Çünki “Qarabağ hərəkatı” Ermənistanda de-fakto başa çatsa da, de-yure hələ başa çatmayıb. İlk növbədə bunu biz özümüz hüquqi baxımdan yekunlaşdırmalıyıq. Çünki bununla davamlı sülhü təmin etmiş olacağıq”.