BAKI, 24 iyul. TELEQRAF
Mərkəzi Bank iyulun 23-dən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.
Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, qiymətli kağızların icarəyə verilməsi proqramı Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan Bank of Nyu York Mellon (BNYM) tərəfindən həyata keçiriləcək.
Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur. Qeyd olunan proqram Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək.