BAKI, 24 iyul. TELEQRAF
İlin ilk yarısında keçmiş illərdən müəmmalı qalan 6 qəsdən adamöldürmə hadisəsinin üstü açılaraq istintaqı tamamlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, həmin cinayət işlərindən 2-si Baş Prokurorluğun İstintaq idarəsi, 4-ü isə rayon və şəhər prokurorluqları tərəfindən daxili işlər organları ilə sıx əməkdaşlıq çərçivəsində həllini tapıb.
Həmçinin bildirilib ki, prokurorlar məhkəmə qərarlarından 563 apellyasiya və 155 kassasiya protesti veriblər. Nəticədə 410 protest təmin edilərək məhkəmələrin verdiyi hüquqi xətalar düzəldilib.