BAKI, 24 iyul. TELEQRAF
Azərbaycanda yaxın illərdə əmək bazarı ilə təhsil sistemi arasında inteqrasiyanı gücləndirəcək yeni rəqəmsal platforma - “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq. Məşğulluq Strategiyasının 2026-2030-cu illər üçün Tədbirlər Planında yer alan bu layihənin mahiyyəti, əsas üstünlükləri nələrdir? Sistem necə tətbiq ediləcək?
Mövzu ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sistem vasitəsilə əmək bazarında mövcud olan peşələr barədə geniş və sistemləşdirilmiş məlumatlar təqdim ediləcək.
"Burada yalnız peşələrin siyahısı deyil, həmçinin hər bir peşə üzrə tələb olunan ixtisaslar, bilik, bacarıq və səriştələr, peşənin məzmunu, əmək bazarındakı xüsusiyyətləri və digər zəruri məlumatlar da öz əksini tapacaq.
İnformasiya sistemindən işsiz və işaxtaran şəxslərlə yanaşı işəgötürənlər, təhsil və təlim müəssisələri, karyera məsləhətçiləri və əmək bazarının digər iştirakçıları da istifadə edə biləcəklər. Bu baxımdan elektron atlas əmək bazarı ilə təhsil və təlim sistemi arasında əlaqələrin gücləndirilməsinə, peşə seçimi və karyera planlaşdırılması prosesinin dəstəklənməsinə xidmət edəcək.
Sistemdə müxtəlif peşələr üzrə minimum tələbləri müəyyən edən peşə standartlarının yerləşdirilməsi də nəzərdə tutulur. Bu, istifadəçilərə hər bir peşə üzrə tələb olunan bilik və bacarıqlar barədə dolğun məlumat əldə etmək imkanı yaradacaq", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, atlasın yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, hazırlıq işlərinin görülməsi, əmək bazarı iştirakçılarının bu barədə məlumatlandırılması və digər zəruri tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:
"Ümumilikdə elektron atlas işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələr barədə məlumatlılığının artırılmasına, bilik və bacarıqlarının inkişafına, həmçinin onların uyğun karyera imkanlarının genişlənməsinə töhfə verəcək".