BAKI, 24 iyul. TELEQRAF

“İraqa son səfərim zamanı insanlar məni “qəhrəman” şüarları ilə qarşılamışdılar”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi iddia edib ki, bu qarşılanma onun şəxsinə yox, İran xarici işlər nazirinə göstərilən “hörmət” idi. Onun sözlərinə görə, iraqlılar onu “qəhrəman” adlandırmaqla İran xalqını “tərifləyiblər”.

Xarici işlər naziri əlavə edib ki, İraqda xalqın onu necə qarşıladığını əks etdirən görüntülərin dövlət televiziyası tərəfindən yayımlanacağını gözləyib. O bildirib ki, bu kadrlar İranın İraqda nə dərəcədə “hörmətə malik olduğunu” göstərməli idi, amma İranda heç bir dövlət kanalı həmin görüntüləri yayımlamayıb.

Abbas Əraqçi həmçinin söyləyib ki, İraqda qarşılanma zamanı orada olan bir İran vətəndaşı “(ABŞ ilə) Razılaşma tərəfdarına ölüm” şüarı səsləndirib. Nazirin fikrincə, “Əraqçiyə ölüm” və “Razılaşma tərəfdarına ölüm” kimi şüarlarla problemləri həll etmək mümkün deyil.