BAKI, 23 iyul. TELEQRAF

Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Belarusun neft emalı zavodlarına məhdudiyyətlər tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas "X" platformasında paylaşım edib.

Onun sözlərinə görə, hədəfdə 100-dən çox bank və kripto-operator, 40-dan çox "kölgə donanması" gəmisi, həmçinin Rusiya və Belarusdakı bir neçə neft emalı zavodu daxildir.

O qeyd edib ki, sanksiya siyahısında ümumilikdə 218 subyekt, o cümlədən 50 müdafiə sənayesi müəssisəsi (onların arasında uzaq mənzilli dron istehsalçıları da var) yer alır. Eyni zamanda, Kallas vurğulayıb ki, bu, "son nöqtə" deyil və Aİ artıq yeni sanksiyalar üzərində işləyir.

Qeyd edək ki, Belarusda iki neft emalı zavodu var - "Mozır" və "Novopolotsk". Bu müəssisələrin birlikdə illik emal gücü 24 milyon ton təşkil edir.