BAKI, 24 iyul. TELEQRAF
"Klublarımızın ilk oyunlarını dəyərləndirsək, nəticələri elə də uğurlu hesab etmək olmaz. Amma qarşıda cavab görüşləri var və bu baxımdan hər bir komandamızın növbəti mərhələyə yüksəlmək şansı qalır".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis ilk oyunlardan sonra ən əlverişli vəziyyətdə olan komandanın "Sabah" olduğunu bildirib:
"İlk matçlara nəzər salanda "Sabah"ın qələbəsini xüsusi qeyd etmək olar. Hesab 1:0 olsa da, komanda çoxlu qol epizodları yaratdı. Təəssüf ki, bu imkanlardan yalnız birini qola çevirə bildi. Düşünürəm ki, "Sabah"ın növbəti mərhələyə adlamaq şansı kifayət qədər yüksəkdir".
Əsədov "Neftçi"nin Minsk "Dinamo"suna 2:4 hesablı məğlubiyyətini gözlənilməz adlandırıb:
"Xüsusilə də 2:0 hesabı ilə öndə olduğu oyunda 2:4 hesabı ilə uduzacağını heç kim gözləmirdi. "Dinamo" (Minsk) elə də güclü və ya ulduz futbolçularla zəngin komanda deyil. Amma onlar kollektiv oyun nümayiş etdirdilər, gənc və istəkli heyətlə mübarizə apardılar. Buna baxmayaraq, düşünürəm ki, "Neftçi"nin də şansları davam edir. İki top fərqini aradan qaldırmaq indiki futbol üçün mümkündür. Əsas məsələ komandanın psixoloji cəhətdən toparlanması və cavab oyununa düzgün köklənməsidir".
Sabiq baş məşqçi "Qarabağ"ın ən çətin rəqiblə üz-üzə qaldığını vurğulayıb:
"Düşünürəm ki, bütün klublarımız arasında ən çətin rəqib məhz "Qarabağ"a qismət olub. ÇSKA oyunda da göstərdi ki, çox balanslı, aqressiv və kollektiv futbol oynayan komandadır. Əks-hücumlarda təhlükəlidirlər, müdafiədə isə kifayət qədər etibarlı təsir bağışlayırlar. Bu baxımdan hesab edirəm ki, cütün şansları hələ də bərabərdir.
Amma "Qarabağ" üçün səfər amili elə də ciddi problem deyil. Əlbəttə, ilk oyunda qələbə qazanmaq daha yaxşı olardı. Lakin "Qarabağ" dəfələrlə sübut edib ki, onun üçün evdə və ya səfərdə oynamağın böyük fərqi yoxdur. Komanda öz oyununu sərgiləyə bilsə, istədiyi nəticəni əldə etmək gücündədir. Bu səbəbdən düşünürəm ki, "Qarabağ" cavab görüşündə daha rahat oynayacaq və növbəti mərhələyə yüksəlmək şansı kifayət qədər yüksəkdir".
O, "Zirə"nin də cavab görüşündə mərhələ adlamağa qadir olduğunu bildirib:
"Düşünürəm ki, "Zirə" bu rəqibi üstələmək gücündədir. Baxmayaraq ki, ilk oyunda məğlub oldular, amma oyun ərzində üstün tərəf məhz "Zirə" idi. Komanda həm topa nəzarətdə, həm ərazi üstünlüyündə, həm də oyunun tempini diktə etmək baxımından rəqibini üstələdi. Bu baxımdan hesab edirəm ki, 0:1 hesablı məğlubiyyətə baxmayaraq, "Zirə" doğma meydanda vəziyyəti dəyişərək növbəti mərhələyə vəsiqə qazana bilər. Bütün klublarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, cavab görüşlərində uğurlu nəticələr qazanacaq və hamısı növbəti mərhələyə yüksələcək".