BAKI, 24 iyul. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça” İtaliyanın “Milan” klubunda çıxış edən Rafael Leaonu transfer etmək niyyətindədir.

Teleqraf “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İstanbul klubu 26 yaşlı hücumçuya 5 illik müqavilə və illik 8 milyon avro xalis maaş təklif edib.

Bundan əlavə, müqavilədə performansa əsaslanan bonuslar da nəzərdə tutulub. Belə ki, Leao 20-dən çox oyunda iştirak edərsə 1,5 milyon avro, mövsüm ərzində 15 qol vurarsa daha 1,5 milyon avro, komanda Türkiyə Super Liqasının qalibi olacağı təqdirdə isə əlavə 1 milyon avro qazanacaq.

Məlumata görə, “Fənərbağça” “Milan”a satınalma öhdəliyi ilə icarə təklifi göndərməyi düşünmür və futbolçunun transfer hüquqlarını birdəfəlik almağı hədəfləyir. Milan klubunun Leao üçün təxminən 40 milyon avro tələb etdiyi, bonuslarla birlikdə transfer məbləğinin 50 milyon avroya çata biləcəyi iddia olunur.

“Fənərbağça”nın yaxın günlərdə “Milan”a rəsmi təklif göndərməsi gözlənilir.

Qeyd edək ki, Rafael Leao “Milan”ın heyətində keçirdiyi 291 oyunda 80 qol vurub, 65 məhsuldar ötürmə edib. O, Portuqaliya millisinin heyətində isə 49 matçda 6 qola imza atıb.

Leao 2019-cu ilin yayında Fransanın “Lill” klubundan 49,5 milyon avro qarşılığında “Milan”a transfer olunub.