BAKI, 24 iyul. TELEQRAF
NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandanı general-mayor Boqdan Rıçerski işgüzar səfərlə Gürcüstanda olub.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
General səfər çərçivəsində ölkənin Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze ilə görüş keçirib.
Tərəflər Gürcüstan Müdafiə Qüvvələrinin imkanları və hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin komandanı NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) olub. Burada keçirilən görüşdə təlim mərkəzləri arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın və JTEC-in inkişafında JFTC-nin göstərdiyi mühüm dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.
Səfər çərçivəsində Boqdan Rıçerski JTEC-in tərkibində fəaliyyət göstərən Döyüş Hazırlığı Mərkəzini (CTC) də ziyarət edib.