BAKI, 24 iyul. TELEQRAF
Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov rusiyalı həmkarı Serqey Lavrovla görüşüb.
Teleqraf cəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Danışıqlar zamanı iki dövlət arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin yüksək dinamikası qeyd olunub. Liderlər arasında mövcud olan etibarlı dialoqun bütün sahələrdə əməkdaşlığı davamlı inkişaf etdirmək üçün sağlam bünövrə yaratdığı vurğulanıb.
Tərəflər ali səviyyədə əldə olunmuş razılaşmaların tam icrasına, ticarət, iqtisadiyyat, regionlararası və mədəni-humanitar münasibətlərin genişləndirilməsinə diqqət ayırıblar.
Həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ŞƏT, MDB, BMT və digər çoxşaxəli platformalar çərçivəsində sıx tərəfdaşlığı davam etdirməyə hazır olunduqları bir daha təsdiqlənib.