BAKI, 23 iyul. TELEQRAF

Rəsmi Moskva istehsalçılar tərəfindən dizel yanacağının ixracına qoyulan qadağanın bir ay, benzin ixracına qoyulan qadağanın isə altı ay müddətinə uzadılmasını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Agentliyin mənbələrinə görə, istehsalçı olmayanlar üçün dizel ixracına qoyulan qadağa da altı ay müddətinə uzadıla bilər.

Rusiya Federasiyasında dizel yanacağı və benzinin ixracına tam qadağa (bütün bazar iştirakçılarına şamil edilən, lakin hökumətlərarası sazişlər çərçivəsindəki tədarüklər istisna olmaqla) 31 iyul tarixinədək qüvvədədir. Bundan əlavə, Rusiyadan reaktiv yanacağın ixracına iyunun 1-dən noyabrın 30-dək müvəqqəti qadağa tətbiq edilib.

Qeyd edək ki, neft emalı zavodlarına zərbələr səbəbindən Rusiyada benzin və dizel yanacağının ixracına qadağa qoyulub.