BAKI, 20 fevral. TELEQRAF

Mərkəzi Bank 2026-cı ildə də ehtiyatlı pul siyasətini qoruyacaq və uçot dərəcəsini mərhələli şəkildə endirərək 6 faizə salacaq. Hazırda bu göstərici 6,50 faiz təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə “Fitch Solutions”ın Azərbaycanda iqtisadi artımla bağlı proqnozunda qeyd edilib.

Qeyd olunub k, tənzimləyici 2026-cı ildə ehtiyatlı pul siyasətini davam etdirməklə paralel manatın məzənnəsini sabit saxlayacaq:

"Valyuta məzənnəsi ciddi nəzarət altında saxlanılacaq, müdaxilələr yolu ilə 1 ABŞ dolları 1,70 manat səviyyəsində təşkil edəcək".

Qurumun proqnozuna görə, geosiyasi gərginliklər və tədarük zəncirlərindəki pozuntular fonunda risklər əsasən yuxarı istiqamətli olaraq qalır:

"Xüsusilə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycanın ərzaq ixracına təsiri riskləri artırır. Azərbaycan taxıl, süd məhsullarının, eləcə də ətin 20–30 faizini Rusiyadan idxal edir. Sanksiyalar nəqliyyat və əməliyyat xərclərini artırır".

Sənədə əsasən, 2026-cı ildə Azərbaycanda inflyasiya mülayim şəkildə azalacaq. İlin sonuna inflyasiya 2025-ci ildəki 5,6 faizdən 5 faizə enəcək ki, bu da Mərkəzi Bankın 2–6 faiz hədəf diapazonuna uyğundur.