BAKI, 30 oktyabr. TELEQRAF

"Françayzinq modeli KOB-lar üçün yeni inkişaf mərhələsi deməkdir."

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sədri Orxan Məmmədov Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, forum və sərgilər sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına imkan yaradacaq:

“Tədbirin təşkil olunmasında məqsəd ticarət markası sahiblərini, sərmayəçiləri və sahibkarları, habelə françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirməkdir. Sahibkarları dəstəkləyən, onların rəqabət qabiliyyətinin yüksəldilməsində maraqlı olan qurum olaraq, KOBİA məhz belə bir mövzuda beynəlxalq forumun ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəkləyir”.

O əlavə edib ki. françayzinq modeli KOB-lar üçün sadəcə bir biznes aləti deyil, həm də yeni düşüncə tərzidir:

“O, sahibkarları daha sistemli, planlı və beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətə sövq edir.
Düşünürəm ki, bu mexanizmin daha geniş tətbiqi ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaradacaq".