BAKI, 30 oktyabr. TELEQRAF
" Françayzinq təcrübəsi ölkələrimiz arasındakı ticarət dövriyyəsinin səmərəliliyini artırır."
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət Nazirinin müavini Bicanova Aycan Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün françayzinq təkcə ticarətin deyil, həm də sahibkarlığın inkişafı və milli brendlərin xarici bazarlara çıxarılması üçün ən effektiv alətlərdən birinə çevrilib.
“Bu institut kiçik və orta biznesin inkişafı üçün geniş imkanlar yaradır, yeni iş yerləri açır, ölkələrimizin iqtisadiyyatları arasında qarşılıqlı inteqrasiyanı gücləndirir. Qazaxıstanda da bu format çox fəal şəkildə inkişaf edir.
Eyni zamanda, qazaxıstanlı istehsalçılar artıq beynəlxalq bazarlarda fəal iştirak edirlər. Məsələn, “Happy Cake” qənnadı brendi, milli mətbəx restoranları “Tary”, “Lanzhou” və digərləri Amerika Birləşmiş Ştatları bazarına daxil olublar. “Zebra” qəhvə brendimiz Azərbaycan bazarına çıxarılib.
Azərbaycan Qazaxıstan üçün Xəzər istiqamətində əsas tərəfdaşdır və ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq hər il müsbət dinamika nümayiş etdirir. Cari ilin 8 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi təxminən 350 milyon ABŞ dolları təşkil edib. Bildiyiniz kimi, dövlət başçıları bu göstəricini 1 milyard dollara çatdırmaq kimi iddialı bir məqsəd qoyublar.
Düşünürəm ki, türk dövlətləri üçün vahid brend altında françayzinq tərəfdaşlıqlarının inkişafında böyük potensial mövcuddur. Bildiyiniz kimi, ötən ilin iyun ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs qardaş dövlətlərimiz tərəfindən dəstəkləndi və hazırda müvafiq sənədlərin konsepsiyalarının razılaşdırılması üzrə təşkilati işlər aparılır”.
O əlavə edib ki, təşkilat yaradıldıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatının işlənməsinə başlanılacaq:
“Bu, Çin, Avropa, Hindistan, Afrika bazarlarına çıxış imkanlarını genişləndirərdi. Vacib məqam sabit ticarət-logistika əlaqəsini təmin etməkdir. Bu baxımdan, əlbəttə ki, Transxəzər Beynəlxalq Marşrutu böyük potensiala malikdir və bu gün Avrasiya ticarətinin əsas arteriyalarından biridir.
Bilirsiniz ki, son 5 ildə bu marşrut üzrə ticarət dövriyyəsi 6 dəfə artıb. Keçən ilin yekunlarına əsasən ticarət dövriyyəsi 4,5 milyon təşkil edib. Bu il isə həcmlər artmaqda davam edir və ilin sonuna qədər 5 milyona çatdırmağı planlaşdırırıq. Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlığa və innovasiyaların tətbiqinə xüsusi önəm verir. İT sahəsinin, süni intellektin və rəqəmsal platformaların inkişafı bu gün rəqabət qabiliyyətliliyimizi artıran əsas amillərdəndir".