Orta Dəhliz Şərq və Avropanı birləşdirən kritik multimodal ticarət arteriyası kimi formalaşır.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, Orta Dəhliz yalnız dayanıqlıq təqdim etmir, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatları üçün həyati əhəmiyyət daşıyır:

“Mərkəzi Asiya üçün bu qlobal bazarlara çıxış təmin edən bir həyat xəttidir. Cənubi Qafqaz və Türkiyə üçün isə strateji coğrafi mövqelərdən faydalanma imkanı verir. Ekspertlərin proqnozuna görə, Orta Dəhlizdəki ticarətin dəyəri və həcmi 2023–2040-cı illər arasında müvafiq olaraq 150% və 60% artacaq. Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək".

Prays qeyd edib ki, Qara və Xəzər dənizləri həm nəqliyyat, həm enerji dəhlizi olaraq strateji əhəmiyyət daşıyır:

"Çəkilməsi planlaşdırılan Qara Dəniz Sualtı Kabeli Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasındakı inteqrasiyanı gücləndirəcək. Layihə Cənubi Qafqaz və Aİ elektrik və rəqəmsal bazarlarını Gürcüstan və Ruminiyada çıxış nöqtələri ilə birləşdirəcək. Regional inteqrasiya fokusunu qoruduqca digər Cənubi Qafqaz ölkələri üçün də böyük potensial yaradacaq”.

Roland Prays əlavə edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya yalnız tranzit marşrutları deyil, eyni zamanda artım, innovasiya və regionlararası əməkdaşlıq üçün yüksələn mühərriklərdir.