BAKI, 22 aprel. TELEQRAF
Kənd təsərrüfatına göstərilən dövlət dəstəyi tədbirləri çərçivəsində hər manat birbaşa subsidiyaya düşən kənd təsərrüfatı istehsalında artım olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində apardığı auditin nəticələrində qeyd edilib.
Əgər 2007-2019-cu illərdə bu göstərici orta hesabla 38 manat təşkil edirdisə, yeni subsidiya mexanizminə keçid dövründə ( 2020-2025-ci illərdə) 26 manat olub.
2025-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189 milyon manat olub. Bunun 6 milyard 748,5 milyon manatı (47,6%) bitkiçilik məhsullarının, 7 milyard 441 milyon manatı (52,4%) heyvandarlıq məhsullarının payına düşüb. Əvvəlki ilə müqayisədə kənd təsərrüfatı istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 1,5 faiz, heyvandarlıq məhsulları istehsalı isə 0,3 faiz artıb. Göstərilən dövlət dəstəyi tədbirləri fonunda kənd təsərrüfatının inkişaf tempinin gözlənilən səviyyədə olmayıb.
Sənəddə bildirilir ki, kənd təsərüfatına verilən güzəştlərin 90 faizə yaxını bitkiçiliyə yönəlsə də onun kənd təsərrüfatının ümumi məhsulunda xüsusi çəkisi heyvandarlıqla müqayisədə 4,8 faiz bəndi aşağı olub. Təhlillər göstərib ki, dənli və dənli paxlalı bitkilərə (taxıla) ayrılan subsidiyalar onların məhsuldarlığından daha çox əkin sahələrinin genişlənməsini stimullaşdırır. Belə ki, 2007- ci ildə taxılın əkin sahəsi 739,6 min hektar, istehsalı 2004,4 min ton, məhsuldarlığı hektardan 27,1 sentner təşkil edirdisə, 2025-ci ildə əkin sahəsi 978,0 min hektar, istehsalı 3251,2 min ton, məhsuldarlığı 33,4 sentner olub. 2025-ci ildə 2007-ci illə müqayisədə taxılın əkin sahəsi 238,4 min hektar və ya 32,2 faiz, istehsalı 1246,8 min ton və ya 62,2 faiz, məhsuldarlığı isə 6,3 sentner artıb:
"Göründüyü kimi məhsuldarlıqdan daha çox əkin sahələrinin genişlənməsi taxıl istehsalına öz təsirini göstərib. Cəmi əkin (1587,0 min hektar) sahəsinin 62 faizi taxılın payına düşür. Buna baxmayaraq, ərzaqlıq buğda ehtiyacı idxaldan asılıdır və özünütəminetmə səviyyəsi 56 faizə bərabərdir.
2025-ci ildə taxıl əkinlərinin 49,5 faizi buğdanın (484,0 min hektar) payına düşüb. 2007-ci ildən bitkiçilik sahəsində xüsusilə buğda istehsalının daha çox dəstəklənməsinə baxmayaraq ölkəyə hər il orta hesabla 1,3 milyon ton buğda idxal olunur. Bu, ölkə üzrə ərzaq məhsullarının istehsalı üçün istifadə olunan buğdanın yarısından çoxu deməkdir".
Qeyd edək ki, yeni subsidiya mexanizminin tətbiqinə başlanıldığı yəni, 2020-ci ildə birbaşa subsidiyaların həcmi 398,3 milyon manat, 2021-ci ildə 420,3 milyon manat, 2022-ci ildə 439,0 milyon manat, 2023-cü ildə 431,2 milyon manat, 2024-cü ildə isə 436,8 milyon manat səviyyəsində icra olunub. 2025-ci il üçün isə bu istiqamətə 470 milyon manat büdcədə vəsait nəzərdə tutulub. Ödənilmiş subsidiyalar 2007-2019-cu illər üzrə 5,9 dəfə artmış, 2020-2025-ci illər üzrə isə artım tempi 18 faiz təşkil edib.