BAKI, 22 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövrdə fövqəladə hallara qarşı mübarizədə peşəkar, yüksək bilik və bacarıqlara malik kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir.

Akademiya rəisi vurğulayıb ki, keçirilən bu cür maarifləndirici və praktiki tədbirlər kursantların real xidmət şəraitinə daha yaxşı hazırlanmasına, onlarda operativ qərarvermə, çevik reaksiya və məsuliyyət hissinin formalaşmasına xidmət edir. O, həmçinin qeyd edib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə yaxından tanışlıq kursantların gələcək xidmət istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə imkan yaradır.

Daha sonra çıxış edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli Xidmətin fəaliyyəti, vəzifə və funksiyaları, nizam-intizam qaydaları və şəxsi heyətin davranış prinsipləri barədə ətraflı məlumat verib. O, həmçinin yanğın təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən və müxtəlif mənşəli yanğınların qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edib.

Tədbirdə FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev çıxış edərək bu kimi tədbirlərin təhsil prosesində mühüm rol oynadığını vurğulayıb.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, verdikləri suallar ətraflı cavablandırılıb.